Proqramçılar üçün layihə ideyaları

Proqramçılar üçün layihə ideyaları

Publish date : 2024/02/02
447 views

Proqramçı olmaq "oxumaqla" olmur, bunu bilirsiniz yəqin ki. Bizim peşəmiz bir başa layihələrin içində inkişaf edir. Ona görə yaxşı proqramçı olmaq üçün ya hansısa layihədə iştirak etməliyik, ya da özümüz müəyyən layihələr edib, portfoliomuza yığmalıyıq. Ki, sabah iş üçün təcrübə tələb edəndə bu layihələri qürurla göstərə biləsiniz. Həmçinin, yaxşı seçilmiş layihə yaxşı yanaşma və komanda ilə startup ideyaya da çevrilə bilər. 

Daha əvvəlki məqaləmizdə veb saytın hazırlanması barədə yazmışdıq. Təbii ki, bu layihə ideyaları təkcə veb proqramlar üçün deyil, həmçinin desktop, mobil tətbiqlərin hazırlanması üçün də istifadə edilə bilər. 

Layihə ideyaları

  1. RPA layihələri: Mən özüm bu işlə məşğul oluram, çox dəhşət bir texnologiyadır. Hal-hazırda Süni İntellekt ilə paralel gedən trenddir, tendensiyadır. Nədir bu? Qısaca RPA yəni Robotic Process Automation, bunlar virtual robotlardır. Siz bunlara müəyyən işlər öyrədib, qul kimi 24 saat işlədə bilərsiniz. Məsələn, maillərə cavab yazmaq, mail göndərmək, saytlardan məlumat götürmək, məqalə paylaşmaq, sənəd hazırlamaq və sair bir sürü iş gördürə bilərsiniz. Yəni, siz də bir RPA inkişaf elətdirsəniz, xüsusən backend kodlama ilə bağlı çox şey öyrənə bilərsiniz. Adətən bu robotlar, Python, Java, C++ kimi dillərdə yazılır.
  2. E-commerce layihələri: Son dövrlər bütün biznesin virtual dünyaya köçməsi baş verir. Ona görə böyük ehtimal iş müraciətlərində sizdən də e-commerce layihələrlə təcrübənizin olub-olmaması soruşula bilər. Həm də, e-commerce layihəsini asanlıqla startup ideyaya, hətta biznesə çevirə bilərsiniz. Məsələn, bir tələbəmin Bakumart layihəsi uğurlu startupa çevrildi. Türkiyədən Trendyol, Getir, dünyada Amazon, Alibaba e-commerce saytlara yaxşı nümunə sayıla bilər.
  3. Oyun yazmaq: Bir proqramlaşdırma dilini mükəmməl öyrənmək üçün tövsiyyə edəcəyim layihə fikirlərindən biri də oyun yazmaqdır. Düzdür, oyun yazmaq üçün güclü platformalar mövcuddur, məsələn Unity C# dilini istifadə edir, Unreal Engine isə C++.  Amma python və ya Javascript ilə də oyun yazmaq fikri pis deyil, lap köhnə proqramçılar kimi. 
  4. AI layihələri: Burda çox maraqlı layihələr var. Chatbot, Tövsiyyə sistemləri, Sentiment analizlər, Üztanıma sistemləri, Robot kodlama və sair və sair... Minlərlə ideya demək olar, siz yeni trendlərdən birini seçib işləyə bilərsiniz. Həm də bu indi "dəbdə" sayılır. Xüsusən Azərbaycan dilində ML və AI layihələri yox dərəcəsindədir.
  5. Kibertəhlükəsizlik layihələri: Süni İntellektin inkişafı ilə paralel, kibertəhülkəsizlik məsələləri də önəm qazanıb. Bu istiqamətdə gözəl işlər görmək olar. Vətənimizin virtual sərhədlərini qorumaq üçün müxtəlif müdafiə alətləri yaza bilərsiniz, vəya düşmənlə mübarizə üçün maraqlı kiber hücum texnologiyası inkişaf etdirə bilərsiniz. Məsələn, çox təəssüf ki, yerli antivirus proqram təminatımız yoxdur. Heç milli kibersilahımız da inkişaf etdirilməyib. 
  6. Rəqəmsal marketinq aləti: Bu da mənim şəxsi ideyamdır, bazardakı SMM alətlərini incələyərkən çox baha olduqlarını fərq etdim. Semrush, Ahrefs, Keywordtool.io kimi alətlərə bənzər bir alət düzəldə bilən, elə Azərbaycanda öz SMM şirkətini qurub normal biznes edə bilər deyə düşünürəm.
  7. Digər ideyalar: Yuxarıda sadalanan ideyalarla yanaşı standart layihələr də edə bilərsiniz. Məsələn, Təhsil idarəetmə sistemi, Quiz saytı, Tibbi idarəetmə sistemi, Növbə sistemi, ən azından "vizitka" sayt yaza bilərsiniz. Bunlar hamısı sizin portfolionuzda çox gözəl görsənəcək.

Comments

Add comment