Niyə xaricdə təhsil ???

Niyə xaricdə təhsil ???

Publish date : 2024/01/02
376 views

Ta əyyami-qədimdən xaricdə təhsil bizim cəmiyyətdə dəb (trend) olub. Əslində elə yaxşı da adətdir. Niyə? Bu məqalədə elə bu suala cavab verəcəyik. Təəssüf ki, bu gün insanımız çox fərqli motivasiyalarla övladını yetişdirir, ona görə də bu zəkalı toplumdan çox yüksək səviyyəli mühəndis, ixtiraçı, həkimlər çox az çıxır. İndi mən xaricdə təhsilin faydaları haqqında danışacam ki, hər kəs bu işin faydalarını anlasın, bir sonrakı məqalədə isə bu işin riskləri barədə yazacam. Başdan bunu söyləyə bilərəm: Xaricdə təhsil, sizin başnıza gələ biləcək ən faydalı işlərdən biridir. 

 

Xaricdə təhsil almağın 10 faydası

1. Təhsil

Aydın məsələdir hər kəs övladını daha yaxşı təhsil imkanları üçün bağrından qoparıb qərib ellərə göndərir. Şəxsən mən özüm xarici universitetlərin proqramlarına (syllabus) baxanda çox heyran oluram, ən son trendləri tətbiq edirlər, öyrədirlər, laboratoriyalar, layihələr, iş imkanları, startup ekosistem... Yəni, insanın özünü yetişdirməsi üçün hər şey var orda. 

2. Praktika

Bu praktiklik məsələsində keçmiş sovet məkanı hər zaman qərbdən geridə qalırd. Bütün nəzəriyyə buralarda inkişaf eləsə də onu praktikaya töküb, maşınlar, dronlar, komputerlər istehsal edib pul qazanan onlar olub həmişə. Ona görə bizdə professor və alimlər normal qazanc əldə eləmir, Qərbdə isə ölkənin bütün maliyyə, siyasət və texnoloji inkişafını instutlar idarə edir. İndi təsəvvür edin övladınız Türkiyədə Bayraktarın komputer kodlarını yazan professorun yanında Java dili öyrənir, ya da NASA-nın kibertəhlükəsizlik həllərini verən Norveçli universitet professorların yanında təhsil alır.

3. Xarici dil bilikləri

Söhbət ingilis dilindən getmir, onsuz da siz onu burda öyrənib gedirsiniz. Əlavə dil biliklərini öyrənməkdən bəhs edirəm. Məsələn, Avropada universitet oxuyan tələbə adətən fransız, alman, ispan dillərindən birini də öyrənir adətən. Poşada, Almaniyada, Finlandiyada yerli dilən bilən insanlar daha tez iş tapır, vətəndaşlıq əldə edir.

4. Karyera imkanları 

Amerikada məktəb, universitet oxuyan tələbələr, elə ikinci kursdan intern (təcrübə) və ya elə bir başa iş tapır, çalışır. Mən hər zaman deyirəm ki, ən yaxşı universitet elə şirkətdir. Şirkət sənə lazım olan bilikləri özü öyrədir. Amerika, Avropada çalışan insanların maaşları isə 70-150 min dollar arasında dəyişir. Karyera imkanları isə bizdən fərqli olaraq, "tapş", "dayday" və ya "qaynata" hesabına deyil adətən. (İstisnalar mümkündür)

5. Ən son texnologiyalarla işləmək

Xarici universitetlərin ən böyük üstünlüklərindən biri odur ki, onlara araşdırmalar üçün böyük büdcələr ayrılır. Ona görə də xarici universitetlər öz ixtiraları ilə məşhurdur. Sizin də övladınız bu araşdırmaların mərkəzində olacaq. Sağdakı şəkildə ən yaxşı araşdırmalar edən universitetlərin siyahısı ilə tanış ola bilərsiniz.

6. Dar ixtisaslaşma

Hər zaman deyirəm ki, bizim tələbələr hər işlə məşğul olur, bu çox pis vərdişdir. İnsanımız belədir zatən, çönüb özünüzə baxsanız nə qədər lazımsız biliklər var görəcəksiniz. Xaricdə isə belə deyil, sən hansısa peşənin hansısa bölümündə ixtisaslaşmalısan. Məsələn, kodlaşdırma böyük sənətdir, sən Python bilə bilərsən. Amma səndən soruşacaqlar, Pythonda nə bilirsən, məsələn Pythonda Data analytics kitabxanaları nə dərəcə dərindən bildiyini soruşacaqlar. Başqa da məsələn, Java, React, ay nə bilim Oracle bildiyini, "bomba" oyunlar yazdığınla heç maraqlanmayacaqlar da ))

7. Səyahət

Çox oxuyan yox, çox gəzən bilir elə belə demiyiblər. Amerika, Avropa, Asiya və Avstraliya universitetləri arasında Erasmus proqramı vasitəsi ilə tələbə alış-verişi mümkündür. Yəni siz tutaq ki, Polşada universitet oxuyursunuz, bir il gedib Fransada, Avstraliyada eyni ixtisası oxuya bilərsiniz. Avropa ölkələri arasında səyahət xərci çox ucuzdur. 20-40 evro xərc çəkməklə qonşu Avropa ölkələrinə qonaq gedə bilərsiniz. Zatən tələbələrin çoxu bunu edir. 

8. Dünya görüşü-vizyon

Dünyanın bütün innovasiyalarının mərkəzində oxuyan tələbə, nə qədər key olsa da istər-istəməz bir addım qabaqdadır. Vizyonu genişləyir, ətrafındakı insanları görür-izləyir. Ordan normal bir texnologiya gətirib öz ölkəsində tətbiq eləsə bəsidir.  Əslində hamımızın ortaq milli marağı da bu olmalıdır. Balalarımız gedib xaricdə yüksək savad qazanıb ölkələrini ən inkişaf etmiş ölkələrin səviyyəsinə dartmalıdırlar.

9. Çevrə-netvork

Bu o qədər böyük, faydalı və geniş mövzudur ki, bununla bağlı ayrıca məqalə yazacam. 

"Your network is your net worth." -- Porter Gale

Deyir ki, sənin çevrən, sənin net qazancındır...

10. Şəxsi-kəmalat

Bütün bu saytdakı məqalələrin əsas məqsədi insan yetişdirməkdir. İnsan özünü daim yetişdirib insanı-kamil zirvəsinə çatmağı hədəf qoymalıdır. Bizim balalarda isə konkret hədəfsizlik problemi var. Ən yaxşı halda şöhrət instinkti ilə hərəkət edirik. Övladlarımızı yetişdirmək üçün onlara ülvi məqsədlər qoymalıyıq. Məsələn, həkim olmaq yox, şəkərin, xərcəngin müalicəsini tapmaq. Məsələn, mühəndis olmaq yox, əraziləri minadan təmizləyən robotlar düzəltmək və sair bunun kimi ali məqsədlər qoyulan uşaqlar çox zirvələrə gedib çıxır. Ən azından isə yaxşı həkim, mühəndis olur...

Qısaca, xaricdə təhsil almaqla siz nəinki dil biliklərinizi bərkidirsiniz, həmçinin yeni mədəniyyətlərlə tanış olur, çoxlu səyahət edir, karyera eləmək üçün dünyanın ən böyük şirkətlərində işləmək şansı əldə edir, çox gözəl netvork -çevrə qurursunuz. Xaricdə təhsil dedikdə biz Amerika, Kanada, Avropa, Koreya, Çin, Türkiyə kimi yerlərdə universitetin bakalavr və magistr dərəcələrində oxumaq başa düşürük. Amma son vaxtlar Azərbaycanda Amerika və Avropa məktəblərini distans (uzaqdan) oxuyub attestat əldə eləmək imkanları da genişlənib. Bunlardan biri elə Amerikada Balboschool məktəbi oxuyub, elə həmin attestatla birbaşa, yəni IELTS və SAT imtahanları olmadan, müəyyən universitetlərə qəbul almaq mümkündür. Əlavə suallarınız üçün bu linkdən istifadə edib suallarınızı verə bilərsiniz. 

 

Qaynaq

Comments

Add comment