Övladlarımız üçün hansı peşəni seçək?

Övladlarımız üçün hansı peşəni seçək?

Publish date : 2023/12/15
218 views

Mövzunun başlığı biraz çox iddialı oldu, əslində övladını kompüter mühəndisi etmək qərarına gələn valideynlər üçün maraqlı peşələr barədə təcrübələrimi paylaşmaq istərdim. İKT sektorunda uzun müddət təcrübəm olduğu üçün, düşünürəm millətimin balalarına faydalı ola bilərəm. 

Əvvəla burdan başlayaq ki, İKT sektorunda şöhrət çoxdur, aldanmalar, dolayısı ilə böyük zaman itkisi, karyeranın şikəst edilməsi kimi reallıqlar üzə çıxır zamanla. Bunu dərk eləmək vacibdir: modern İKT dünyası qladiator meydanıdır. Hər zaman deyirəm, dərs dediyim ən zəki cocuqlar ya tibbə gedir, ya mühəndis olur. Həddən çox informasiya, qəliz terminologiya, sürətli dəyişmələr, risklər çoxdur. İndi bu mühitə düşüb rəqabət eləmək hər kişinin sinəsi üçün deyil. Hə, bunları qorxuzmaq üçün demirəm, tədbirinizi bərk tutun deyə yazıram. 

xonbu

Kompüter mühəndisi olmaq istəyənlər, öncə bu nəhəng sektorda istiqamətləri təfriq etməyi bacarmalıdır. Bu istiqamətlər barədə detallı məqalə yazacam. Tələbələr bu istiqamətlərdən özünə uyğun olanı seçib ondan sonra inkişaf yol xəritəsi (roadmap) seçib, samuray kimi 6 ay, 1 il xonbuya qapanmalıdır. Yəni, köhnə döyüşçülər kimi bütün avara işlərdən aralanıb, notbuku ilə dərslərə qapanmalıdır. Junior səviyyədə mühəndis olmaq üçün normal zəkada tələbəyə 6 ay tam kifayət edir. 6 aya camaatın uşağı Java, Python öyrənib iş tapır deyəcəm, yenə də şöhrət motivasiyası olacaq, sevmirəm, amma effektivdir.

Ən yaxşı kompüter mühəndisi peşələri 

  1. Proqramlaşdırma
    Ən ağırı bu olsa da, başlamaq və karyera eləmək üçün elə ən uyğunu da bu peşədir. Bu gün bazarda tələb olunan kodlaşdırma dilləri Java, Python, C# birini öyrənib Backend Developer, React, Vue.js, Angular kimi framework-lərdən birini öyrənib Frontend Developer, Flutter+Figma öyrənib mobil app Developer olmaq mümkündür. Çətin işdir, amma zövqlü tərəfləri çoxdur. Aşağda iş elanı saytından proqramçı maaşları barədə bir statistika da paylaşıram.
  2. Kiber təhlükəsizlik zabiti
    Son illərin trendidir. Maaşlar çox yüksəkdir, statuslu işdir. İş imkanları hələ ki, yaxşıdır, çünki mütəxəssis yoxdur. Övladınızı bu peşəyə yönləndirmək asandı, çünki hər uşağın içindəki şuluq eləmək istəyini xaker olmağa çevirmək asandır. Maraqlı sertifikat və alt ixtisasları var, bunlardan biri virtual detektiv (Forensic) işidir. Bu əsrdə kiber hücumların sayının kəskin artığı bir dönəmdə, kiber təhlükəsizlik önəmli peşəyə çevrilir. Təsəvvür edin 2015-ci ildə şirkətlərə dəyən zərər 3 trilyon dollardan, 2025-ci ildə 10 trilyon dollara kimi yüksələcəyi proqnozlaşdırılır. 
  3. Data analitik
    Məlumat təhlilçisi və ya Məlumat alimi peşələri də son trendlərdəndir. Övladınız bu işə birbaşa girib mütəxəssis olması çox çətin məsələdir, amma proqramçılıqdan bu peşəyə keçid çox asandır. Maaşları çox yüksəkdir, iş ağırdır.  
  4. GameDev
    Oyun tərtibatçıları da yaxşı qazanan, biraz daha yaradıcılığa, proqramlaşdırma və dizayna yaxın peşədir.
  5. Süni Zəka mühəndisi
    Şübhəsiz, önümüzdəki dövrün ən böyük texnologiyası AI və Robot olacaq. Ona görə heç tərəddüt eləmədən övladlarınızı bu istiqamətə yönləndirin. Çox iş imkanı, karyera fürsəti, nə isə bir dəyər formalaşdırma şansı, bunlar möhtəşəm mükafatlardır.
  6. Bulud texnologiyaları
    Bu köhnə texnologiya olsa da, yeni trendlərdən biridir. Bu istiqamətdə də iş imkanları çoxalacaq, maaşlar da yaxşıdır. Daha çox mühəndis işidir, bir növ virtual dünyada arxitektor rolunda çıxış edirsən.
  7. DevOps
    Bu iş mənə biraz qəribə gəlir, amma çox trend olan bir peşəyə çevrilib.  

Daha çox istiqamətlərdən yazmaq olar, amma trenddə olan peşələri yazdım ki, övladlarımızı bir sonrakı dövrə görə yetişdirmək lazımdır. Bu linkdə müxtəlif peşələrlə bağlı iş elanları olur, girib baxmağınızı tövsiyyə edirəm. 

Comments

Add comment