Avropaya pulsuz səyahət  etmə şansı (ERASMUS+, ESC layihələri)

Avropaya pulsuz səyahət etmə şansı (ERASMUS+, ESC layihələri)

Publish date : 2024/05/15
239 views

18-30 yaş aralığındasınız? Avropada baş tutan beynəlxalq layihələrdə heç bir ödəniş etmədən iştirak etmək istəyirsiniz? Amma haradan araşdırma edəcəyinizi bilmirsiniz? Və ya necə müraciət etməli olduğunuz haqqında kifayət qədər məlumatınız yoxdur?

 Bu məqalədə sizlər üçün beynəlxalq layihələrdə əlavə xərc olmadan iştirak etmək barədə bilməli olduğunuz əsas məqamları bir yerə yığmışıq. Xoş oxumalar!

Gəlin, ilk öncə bu layihələr nədir, kim tərəfindən maliyyələşdirilir və əsas hədəf qrupu kimlərdir bunu araşdıraq. Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+ və Avropa Həmrəylik Korpusu(ESC) layihələri gənclərlə iş sahəsinə maraqlı olan və bu sahədə özünü inkişaf etdirmək istəyən hər kəs üçündür.

Avropa Həmrəylik Korpusu gənclərə öz ölkələrində, eləcə də xaricdəki icmalarda həmrəylik nümayiş etdirməyə imkan verən Avropa İttifaqı təşəbbüsüdür.

Əsas məqsədi daha inklüziv cəmiyyət qurmaq, həssas qruplardan olan insanlara dəstək olmaq və ictimai çağırışlara cavab vermək üçün gəncləri bir araya gətirməkdən ibarətdir.

Avropa Həmrəylik Korpusu proqramı çərçivəsində 18-30 yaş aralığında Azərbaycanlı gənclər yalnız könüllülük layihələrinə qatıla bilərlər.

Proqram gənclərə 2 formatda könüllük fəalliyətləri təklif edir:

1)Komanda könüllülüyü

2)Fərdi könüllülük

 

Team Volunteering(Komanda könüllülüyü)

Layihə müddəti 2 həftədən 2 aya qədər olur.

Komanda könüllülüyü layihələrində iştirakçı sayı müxtəlif ölkələrdən olmaq şərti ilə 10 nəfərdən 40 nəfərə qədər olur. Könüllülük layihələrinin bütün xərcləri səyahət, yaşayış, yemək və geyim, eyni zamanda əlavə xərclər( aylıq cib xərcliyi) Avropa İttifaqı tərəfindən qarşılanır.  Bununla yanaşı könüllülər dərman, həkim müayinəsi kimi tibbi xərclərlə bağlı xərcləri qarşılayacaq tibbi sığortaya da malik olurlar.

 

Fərdi könüllülük proqramları qısamüddətli və uzunmüddətli olmaqla iki yerə ayrılır:

1)Qısamüddətli könüllülük proqramları:  Layihə müddəti 2 həftədən 2 aya qədər olur.

2)Uzunmüddətli könüllülük proqramları: Layihə müddəti 2 aydan 12 aya qədər olur.

Həm fərdi, həm də komanda könüllülük layihələrində yaşayış, qida, yol xərci və digər  bütün əsas xərclər layihə tərəfindən qarşılanır.

ERASMUS+

Erasmus+ Avropa İttifaqının təhsil, təlim, gənclər və idmana dəstək proqramıdır. 2021-2027 illər üçün təsdiqlənmiş yeni proqrama əsasən təxminən 26.2 milyard avro büdcəsi ilə 4 milyondan çox iştirakçıya xaricdə təhsil almaq, təlim keçmək, təcrübə qazanmaq və könüllü olmaq imkanı verəcək.

Erasmus+ proqramı çərçivəsində qrant layihələri vasitəsilə gənclər sahəsində fəaliyyət göstərən təşkilatlar gənclər və gənclərlə çalışan şəxslər üçün Gənclik Mübadilələri(Youth Exchange), Təlim kursları(Training courses) təşkil edir.

Təlim kursları:

Təlim müddəti 2 gündən 2 ayadək olur.

Yaşı 18-dən yuxarı olan, gənclərlə işləyən və bu sahədə öz bilik və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər müraciət edə bilərlər.

 

Gənclər Mübadiləsi:

Təlim müddəti 5 gündən 21 günədək olur.

Yaşı 18-30 aralığında olan(bəzi hallarda 13-30) şəxslər müraciət edə bilərlər. Bu tip layihələrdə hər ölkədən 4 iştirakçı olmaqla və 1 qrup lideri(18+ təcrübəli şəxs)iştirak edir.

 

Layihələrə müraciət üçün tələb olunur:

1)İngilis dili biliyi

2)Öyrənməyə açıq olmaq

3)Layihə mövzusuna maraq

Qeyd: Seçim meyarları layihədən asılı olaraq dəyişə bilər.

Göndərən olaraq müraciət edə biləcəyiniz təşkilatlar: Sağlam Düşüncə Gənclər Təşkilatı, NAYORA İctimai Birliyi, Erasmus Tələbə Təşkilatı, Gələcəyə Körpü və s.

Əlavə məlumatı bu linkdən tapa bilərsiniz.

 

Oxuduğunuz üçün təşəkkürlər!

Müəllif: Əsmər Bağırova 

 

Comments

Add comment