Süni intellekt həyatımıza girməsi ilə bərabər özü ilə bəzi şübhə və suallar da gətirdi. Xüsusən də “Dall-E”, “ChatGPT”, “Microsoft Copilot” kimi süni intellektlərin yaratdığı şəkillər dizaynerləri və rəssamları narahat etməyə başlayıb. İnsanların süni intellekti üstün tutmasının əsas səbəbləri daha sürətli və ucuz olmasıdır. Elə bu məqalənin banner şəkli də süni intellekt ilə hazırlanıb.
Rəssamları əvəz edən süni intellekt potensialını araşdırmazdan əvvəl, incəsənətdə süni intellektin nə demək olduğunu başa düşməliyik. Süni intellekt, sadə dillə desək, kompüter sistemləri adətən insan beyni tələb edən şeyləri yerinə yetirir - öyrənmək, problemləri həll etmək və dilləri anlamaq kimi. İncəsənətə tətbiq olunduqda, bu sistemlər insan istəklərinə əsaslanan sənət əsərləri yaratmağa kömək edə bilir.
Süni intellektin hüdudsuz imkanlarına baxmayaraq, hər bir rəssamın malik olduğu bir mühüm şeydən - insan hisslərindən məhrumdur. İncəsənət sadəcə vizual olaraq cəlbedici əsərlər yaratmaq deyil, həm də duyğuları çatdırmaqdır. Bu hansısa alqoritmin təkrarlaya bilməyəcəyi bir şeydir.
İnsan dizaynerlər mədəni nüansları, tarixi kontekstləri və şəxsi təcrübələri anlamaq qabiliyyətinə malikdirlər. Bütün bu elementlər onların yaradıcılığa böyük töhfə verir. Onlar insanlar ilə empatiya qura və daha dərin emosional səviyyədə dizaynlar yarada bilirlər.
Süni intellektdə irəliləyişlər incəsənət aləmində maraqlı təəssüratlara səbəb olsa da, belə bir sual qalır: Süni intellekt nə vaxtsa rəssamları əvəz edə bilərmi? Buna cavab vermək üçün biz incəsənəti həqiqətən “sənət” edənin nə olduğunu bilməliyik.
İncəsənət nəyi yaratmaq və necə yaratmaq barədə şüurlu qərarlar qəbul etməyi tələb edir. Rəssamın rəng, kompozisiya və forma seçimlərinə onun düşüncələri, hissləri, təcrübələri təsir edir. Süni intellekt bu insani keyfiyyətlərə malik deyil. O şəkilləri sadəcə proqramlaşdırılmış alqoritmlər əsasında yaradır. Sənəti yaradan isə düşüncə prosesinin özüdür və şüurlu düşüncə olmadan sənətin yaradılması mümkün deyil.
Gələcəkdə hər sahədə süni intellektin istifadə olunacağı artıq bütün dünya tərəfindən qəbul olunur. Sonda belə bir nəticəyə gəlirik ki, süni intellekt gələcəkdə rəssamların işini oğurlamaq yerinə onlara kömək edəcək. Süni intellektdən istifadə etməyi bacaranlar hər sahədə daha önə çıxacaqlar.
Müəllif: Bəxtiyar Abdullayev
Comments
Add comment