Bu məqalədə Proqram təminatı (softvare developer) inkişaf etdirən şirkət nədir, nə iş görür və necə təşkil edilməlidir kimi suallara cavab verəcəyik. Azərbaycan da innovativ trendlərə qoşulmağa çalışır, yerli İKT, telekomunikasiya və Proqram təminatı şirkətləri formalaşmağa başlayır. Hərçənd, digər texnologiya trendləri hələ ki, məmləkətə heç turist kimi də baş çəkməyib, bu sadaladığım trendlərdə heç olmasa müəyyən səviyyəyə çatmalıyıq. Texnoloji tərəqqi bir başa sənayenin inkişafı ilə əlaqəli olsa da, Proqram Təminatı şirkətini inkişaf etdirmək üçün xalqımın balalarının zəkası kifayət edər, sadəcə un, su və şəkərdən halva bişirən "manager" və "enterpreneur"-lar gərək.
Proqram təminatı şirkəti, proqram (tətbiq, aplikasiya) yazan, inkişaf etdirən, marketinqi ilə məşğul olan şirkətdir. Hal-hazırda bütün dünya yazılan proqram tətbiqlərinin sayəsində bu cür inkişafa nail olub. FB, Google, Windows, Linux, MS Word, PubG kimi çox fərqli sistemlər, sosial şəbəkələr, əməliyyat sistemləri, oyunlar, istifadəçi tətbiqləri, mobil tətbiqlər kimi bir-çox sistemlər hamısı proqram (tətbiq, aplikasiya) sayılır, adlanır. Üç əsas Proqram yazma şirkəti təsnif edə bilərik:
Klassik biznes formasıdır, bu cür şirkətlər müxtəlif tətbiqlər, oyunlar və əməliyyat sistemləri inkişaf etdirir. Bu müxtəlif təyinatlı proqram tətbiqləri müştərilərə satılır və gəlir əldə edilir. Bu cür sistemlərdə dəstəkdən də gəlir əldə edilir. Nümunə olaraq: Microsoft, Adobe, Apple kimi şirkətləri göstərmək olar.
Var olan sistemləri inkişaf etdirən, dəstəkləyən şirkətlərə PT xidmət şirkəti deyə bilərik. Bunlar eyni zamanda müştəri üçün yeni proqram da yaza bilirlər. Nümunə olaraq IBM, Cognizant və İnfosys kimi şirkətləri göstərmək olar.
Bu son dövrlərin texnologiyasıdır, xüsusən pandemiya dövründə çox inkişaf elədi. "Bulud" serverlər qurub müxtəlif xidmətlər, məsələn saxlanc yeri, hesablama gücü və tətbiqlər təklif edirlər. Dünyanın istənilən nöqtəsindən giriş təmin edirlər, qısa vaxtda böyümə elastikliyi ilə öyünürlər. Bu şirkətlərə ən gözəl nümunə Amazon web service, Google Cloud və Microsoft Azure ola bilər. Bildiyim qədər, Delta telekomun nəzdində Azərbaycan da öz bulud həllərini təqdim etməyə başlayıb, amma orda hansısa "soft" olduğunu eşitməmişəm.
Onu da qeyd edək ki, bu bölgülər arasında dəqiq sərhəd yoxdur. Bu gün siz məsələn vebsaytların hazırlanması ilə bağlı şirkət təsis edib, bir müddət sonra özünüz qutu həllər təqdim edən şirkətə də çevrilə bilərsiniz. İstənilən halda bulud həllər təqdim edən şirkət qurmaq çox böyük investisiya tələb edir. Ən yaxşısı PT xidməti təqdim edən şirkət qurub, yavaş-yavaş qutu məhsula sahib olan şirkətə çevrilmək daha yaxşıdır. Qutu məhsul əldə eləmək biraz vaxt və resurs tələb edən işdir. O zamana kimi şirkəti, xidmətlər sayəsində ayaqda tutmaq lazımdır.
Belə bir statistikaya toxunmaq istəyirəm, bu misalı çox çəkirəm. Hələ 10 il əvvəl oxumuşdum ki, Hindistan outsorsdan ildə 40 milyard dollar əldə edir. Təzəlikdə yenidən yoxladım, hal-hazırda Hindistanın outsorsdan gəliri 200 milyard dollardır, 2025-ci ildə isə 350 milyard dollara çatacaq. Bu gəlirin 60%-i Amerikanın payına düşür. Bax belə...
Sonda dünyadakı ən yaxşı proqram təminatı şirkətlərinin reytinq siyahısını sizə təqdim edirəm:
https://www.thesoftwarereport.com/the-top-100-software-companies-of-2023/
Comments
Add comment