YÖS imtahanına hazırlaşmaq üçün hansı kitablar yaxşıdır?

YÖS imtahanına hazırlaşmaq üçün hansı kitablar yaxşıdır?

Publish date : 2024/01/09
468 views

Hər il minlərlə tələbə YÖS imtahanı vasitəsi ilə Türkiyə universitetlərinə qəbul əldə edirlər. YÖS imtahanında Riyaziyyat, Həndəsə, Məntiq kimi üç əsas fəndən suallar düşür. Bazarda kifayət qədər səviyyəli YÖS kitabı mövcuddur. Bəs imtahana hazırlaşmaq üçün hansı kitablardan istifadə etmək lazımdır? TR YÖS imtahanı ortalığa çıxandan xüsusən kitab seçimi daha önəmli məqam olub. Bilirsiniz nə üçün? TR YÖS imtahan sualları çox asan olur, imtahan vaxtı isə azdır. Ona görə burda sürət çox önəmlidir. Neçə illik təcrübəmə əsaslanaraq mən də öz fikirlərimi bölüşmək istəyərdim.

Hal-hazırda Türkiyə və Azərbaycan bazarında ən çox satılan yös kitabları bunlardır:

  • Galata yayınları
  • Metropol yayınları
  • Puza yayınları
  • Kuark yayınları
  • Caner kitab dəsti
  • BRY A, B, C seriyaları
  • Tasarı yayınları

İlk tövsiyyəm odur ki, bütün kitablarla işləməyin, birini seçib ana material kimi istifadə edin. Şəxsən mən dərslərdə bu kitabların demək olar ki, hamısını istifadə edirəm. Amma şagirdlərə bir kitabla haşır-nəşir olmağı tapşırıram. Bu kitablardan ən populyarı Puza və Metropol yayınevinin Matematik 1, Matematik 2, Geometry, IQ kitabları olsa da, hər kitabın şagirdin yüksək nəticə göstərməsinə müsbət təsiri var. Bu məqalə reklam xarakteri daşımır və mən kifayət qədər dürüst olmağa çalışacam ki, heç kimin də haqqına girməyək. 

YÖS imtahanına hazırlıq səviyyəsini kobud olaraq üç səviyyəyə təfriq eləmək olar:

  • İlkin səviyyə-Fundament
  • Orta səviyyə
  • Yüksək səviyyə-Dərəcə qrupları da deyirik biz buna

Bir şagird ilk 3 ay ərzində fundamenti qavraya bilir. Daha sonra orta səviyyəli tələbələrlə işləyib, onların içərisindən xüsusi şagirdləri seçib dərəcə qruplarında özəl çalışmalar edilir. Fundamental biliklər dedikdə biz Mat 1 və IQ dərslərini nəzərdə tuturuq. Sadəcə bu biliklərlə şagirdlər normal ixtisaslara qəbul ala bilirlər. Amma daha yaxşı universitet və ixtisaslara (kompüter mühəndisliyi kimi) qəbul almaq üçün orta səviyyəli hazırlıq lazımdır. Tibb qazanmaq istəyən tələbələr isə ən yüksək nəticəni göstərməlidir. 

Başdan söyləyim ki, Galata yayınları bu kitablar içərisində ən sanballı və ağır kitab sayılır. Əgər bir tələbə bu kitabdan hazırlaşa bilsə, onun çıxacağı zirvə ən yüksək olacaq bu dəqiqdir. Ayrıca Galatanın Kolay Geometrisi həndəsədə çətinlik çəkən şagirdlərə dəstək olur. Puza dərs keçmək üçün əla kitabdır, orda mövzu və qaydalar çox gözəl ardıcıllıqla verilib. Metropol kitabında isə çooox maraqlı sual tipləri tapa bilərik. 

TR YÖS imtahanına hazırlaşmaq istəyən tələbələr fundamental səviyyələrini bərkitmək üçün Caner, Kuark və BRY A serisini istifadə edə bilərlər. Hər üç kitabda da maraqlı sual tipləri çoxdur. Amma yenə də təkrar edim, hər tələbə bir kitabı əsas material kimi seçib bütün günü onunla çalışmalıdır ki, fokus dağılmasın. Digər kitabları isə məsələn təkrar etmək üçün, fərqli sual tiplərini araşdırmaq üçün istifadə etməlidir. Hər yayınevinin ayrıca testlər toplusu, təkrar etmək üçün materialları, sınaqları mövcuddur. 

YÖS imtahanına hazırlaşan tələbələrin əsas problemlərindən biri dil baryeridir. Xüsusən rus sektorundan gələn şagirdlər çox əziyyət çəkirlər. YÖS kitablarından bəzilərində suallar iki dildə (türk, ingilis) qeyd edilir, bunu da nəzərə almaq lazımdır.

İki məsələni də qeyd edib mövzunu yekunlaşdıraq. Bir, çox təəssüf ki, bu bazarda yerli YÖS kitabı yoxdur, halbuki ehtiyac var. İkincisi, bu məqalədə əksik məqamlar ola bilər, müsbət tənqiddən çəkinən insan deyilik. Fikirlərinizi rəy bölümünə yerləşdirin, yəqin ki, nəzərə alarıq. 

 

Qaynaq

Comments

Add comment